İftar süfrələrinin xərclərini şəhid ailələrinə verin - Hacı Fuad Nurullayev

12:14 13.04.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Müvafiq qurumlar  icazə versə, işğaldan azad torpaqlarda da, sosial məsafələr saxlamaqla, kiçikmiqyaslı Ramazan tədbirləri keçirmək olar

Qafqaz  Müsəlmanları İdarəsi sədrinin müavini, Qazilər Şurasının üzvü Hacı Fuad Nurullayev  “Həftə içi”nə müsahibəsində artıq ikinci ildir ki, pandemiya dönəminə düşən Ramazan ayında iftar süfrələrini təşkil etmək qaydaları, işğaldan azad edilmiş torpaqlarımızda Ramazan tədbirlərinin keçirilməsinin mümkün olub-olmaması,  müsəlmanlar üçün bu müqəddəs ayda bazar və dükanlarda ərzaq qiymətlərinin endirilməsinin savab olması və s. haqda danışıb.

-  Hacı, öncə Müqəddəs Ramazan ayının başlanması münasibətilə sizin şəxsinizdə idarənizin rəhbərliyini, bütün din xadimləri və möminlərimizi təbrik edir, “Allah namaz, oruc və dualarınızı qəbul etsin”,  – deyirik. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən  aprelin 9-da  elan olunmuş fətvada  Azərbaycanda builki orucluq dönəmində pandemiya ilə əlaqədar müəyyən olunmuş qaydalara nəsə bir dəyişiklik edilməyib ki?

- Xeyr. Qeyri-adi bir dəyişiklik yoxdur. Hər şey elə fətvada qeyd edilmiş tövsiyə və məsləhətlərdə buyurulduğu kimi qalır. Hələlik, İdarəmiz tərəfindən yeni bir təkliflər yoxdur. Hər şey öz qaydasındadır. Bir daha möminlərimizə xatırladıram ki, aprelin 13-ü niyyət axşamıdır. Ayın 14-ü isə Allahın köməkliyi ilə Müqəddəs Ramazan ayının ilk günü başlayacaq. Allah cəmi müsəlmanlar kimi, Azərbaycan xalqının da builki Ramazanını uğurlu etsin, namaz, oruc və dualarımızı qəbul etsin!

Möminlərimizin nəzərinə  çatdırırıq ki, koronavirus pandemiyasını nəzərə alaraq, hər birimizin sağlamlığının Allahın əmanəti olduğunu və özümüz kimi başqalarını da bəlalardan qorumağın borcumuz olduğunu bilərək, iftar süfrələrində kütləvilikdən qəti çəkinməyi tövsiyə edirik. Yəni, bu tədbirləri yalnız ailə üzvləri çərçivəsində keçirmək daha məqsədəuyğundur. Əgər kiminsə əlavə imkanı varsa, iftar süfrələri təşkil etmək niyyəti olubsa, buna çəkiləcək xərcləri şəhid ailələrinə, qazilərə, onların ailələrinə, eləcə də imkansız, kimsəsiz, yoxsul insanlara xərcləmək və böyük savab əldə etmək məsləhət görülür…

- “COVİD-19”a qarşı peyvəndin orucu batil etməməsi barədə din alimlərinin qərarı da qətidir, eləmi?

- Bəli. Buna heç kəs şübhə etməsin. Əgər hansısa oruc tutan dindaşımız “COVİD-19”a qarşı peyvənd vurdurmaq istəyirsə, bunu çəkinmədən edə bilər. Peyvənd Ramazan orucunu batil etmir….

- Qeyd etdiyiniz kimi, pandemiya ilə bağlı Azərbaycanda da kütləvi tədbirlərə, o cümlədən geniş iftar süfrələrinə icazə  verilmir. Dünyaya bir  mesaj vermək və düşmənlərimizə bir  görk etmək məqsədilə şəhidlərimizin, qazilərimizin  qanı-canı hesabına işğaldan azad edilmiş torpaqlarımızda, əlbəttə, karantin qaydalarına riayət etməklə, sosial məsafə saxlamaqla rəmzi  mənada kiçik miqyaslı Ramazan tədbirləri keçirmək nəzərdə tutulmayıb ki?  Məsələn, deyək ki, Şuşa məscidində din xadimlərinin və az sayda möminin iştirakıyla Cümə namazları, Ramazan xütbələri, bayram namazları təşkil etmək, yaxud orada oruc tutan əsgərlərimizə iftar payları təqdim etmək və s.... 

- Bilirsiniz ki, pandemiya dövründə kütləvi toplanma ilə bağlı qaydaları bizim idarə yox, TƏBİB  tənzimləyir. Əgər belə müvafiq qurumlar  icazə versə, təbii ki, işğaldan azad torpaqlarda, sosial məsafələr saxlamaqla kiçikmiqyaslı Ramazan tədbirləri keçirmək olar…

- Ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsində işğaldan azad torpaqlarda  belə bir rəmzi tədbirlər keçirmək məsələsi müzakirə olunubmu?

- Bizim tərəfdən xalqdan gələn müraciətlər əsasında, ümumiyyətlə, məscidlərdə müəyyən formada tədbirlər keçirilməsi haqda təkliflərimiz var. Biz həmin təklifləri müvafiq qurumlara ünvanlayırıq. Bunun üçün qərarlar TƏBİB tərəfindən verilməlidir. Bizə gələn cavablarda da belə deyilir... Hələ ki, kütləvi toplanmaq barədə göstərişlər dəyişməyib, yəni qüvvədə qalıb…

Bilirsiniz ki, tarixən müsəlman ölkələrində, o cümlədən Azərbaycanda da vəba, taun və s. xəstəliklərin yayıldığı dönəmlər olub. Həmin zamanlarda da  məscidlərə belə, toplanmaq təxirə salınıb. Yalnız insanlar müalicə olunduqdan və  həmin xəstəliklər aradan qalxdıqdan sonra kütləvi dini ayinlərə icazə verilib…

- Bəzi ölkələrdə müqəddəs bayramlar ərəfəsində, o cümlədən Ramazan ayında ruhani idarələr sahibkarlara, iş adamlarına malların, xüsusilə, ərzaq mallarının qiymətlərini qaldırmamaları barədə müraciət edirlər. Məsələn, bu günlərdə Dağıstan müftisi şəxsən özü sahibkarlara belə bir tövsiyə ilə müraciət edib. Bəs bizdə niyə belə bir ənənə yoxdur?

- Gözəl təşəbbüsdür. Hər bir insan belə müraciətləri etsə, yaxşıdır.  Ümumiyyətlə, Ramazan ayı böyük savablar  qazanılan aydır. Odur ki, bir insanın  nə qədər imkanı varsa, xeyriyyə işləri ilə məşğul olsa, yaxşıdır. Birinin əlində imkan var, nəyisə satır, onu xalqa bir az ucuz qiymətə satsa, əlbəttə, yaxşıdır…

- Azərbaycan vətəndaşlarının builki Həcc mərasimində iştirak  edə bilməyəcəyi barədə yeni bir məlumat yoxdur ki?

- Xeyr, hələ ki başqa bir məlumat yoxdur. Dünyanı çənginə almış pandemiya ilə bağlı bir çox ölkə vətəndaşlarının Həcc mərasimində iştirakı bu il də təxirə salınıb.  Təəssüf ki, Azərbaycan da belə ölkələr sırasındadır.  Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bizə vuza verməyib. Bununla əlaqədar böyük Həcc də, Ümrə Həcci də hələ ki təxirdədir. İnşAllah, ümidvarıq ki, Allahın köməyi ilə  gələcək zamanlarda bu mərəz aradan qalxar və Həcc ziyarətimiz də qaydasına düşər…